“Buta Airways” aviaşirkəti mart ayında Kazan və Ufa şəhərlərinə uçuşları bərpa edəcək.
“Hər iki istiqamətdə reyslər həftədə iki dəfə yerinə yetiriləcək”, - deyə aviadaşıyıcının məlumatında bildirilir.
Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar 16 mart tarixindən başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə 17 mart tarixindən başlayacaq və həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”.
Aviabiletlərin dəyəri 55 avrodan başlayır.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunur.
Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Qeyd edilən reyslərlə yola düşən bütün sərnişinlər “COVID-19 olmadan səyahət edirəm” mobil əlavəsini smartfonlarına yükləməli və pasportunun skan edilmiş versiyasını, həmçinin COVID-19 üçün PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər.
Sərnişin Rusiya şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.*
N.Abbasova