Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanı qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
“Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrə toxunaraq, bu müstəvidə də fəaliyyətin intensivləşdirilməsinin və ticarət dövriyyəsinin artırılması imkanlarının araşdırılmasının zəruriliyini bildirib. Dövlət başçısı, həmçinin insanlar arasında fəal təmasların təşviqinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib”, - deyə məlumatda bildirilir.
Prezident, həmçinin səfirə Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti barədə danışıb.
“İlham Əliyev 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında qalmasına və Ermənistanın bu ərazilərdə törətdiyi dağıntılara, Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməllərinə toxunaraq regional əməkdaşlığı nəzərdə tutan postmünaqişə dövrünə aid sülh gündəliyinin həyata keçirildiyini bildirib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev