Bakı Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasını və qanunun aliliyinin bərpasını dəstəkləyir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır.İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir”, - Bayramov çərşənbə axşamı Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxışında bildirib.
Azərbaycan XİN başçısı Qazaxıstanda sağlam düşüncənin qalib gələcəyinə ümidvar olduğunu ifadə edib.
“Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək”, - nazir qeyd edib.
Bayramovun sözlərinə görə, bu baxımdan Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür: “Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir”.
Həmçinin, nazir vurğulayıb ki, təşkilata üzv ölkələr Qazaxıstanın inkişafa qayıtmaq səylərini dəstəkləyir. “Qeyd olunanlar müstəvisində, biz Qazaxıstanda vəziyyətin tezliklə normallaşdırılması və qazax xalqının və bütün regionun rifahı naminə geniş tərkibli islahatların davam etdirilməsi yolu ilə ölkədə siyasi, sosial və iqtisadi inkişafa qayıtmaq səylərini dəstəkləyirik», - Bayramov əlavə edib. **
E.Şəfiyev