Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək. Bu barədə QMİ-nin mətbuat xidmətindənməlumat verilir.
“Səfər Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilir və yanvarın 17-dək davam edəcək. Nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildir”, - “İnterfaks-Azərbaycan”a QMİ-dən bildiriblər.
QMİ-də hesab edirlər ki, “səfər Müqəddəs Taxt-Tacla Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişlənməsi fonunda dinlərarası dialoq və əməkdaşlıq müstəvisində yeni imkan və perspektivlər açır”.
“Görüşlər zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında dini-mənəvi irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə ətraflı bəhs olunması, Azərbaycan həqiqətləri və multikultural həyat tərzi barədə fikir mübadiləsi müzakirə olunacaq”, - QMİ-dən məlumat verilir. **
E.Şəfiyev