2021-ci ildə Azərbaycanın hava limanlarında 2,93 milyon sərnişinə xidmət göstərilib.
“2021-ci ildə Azərbaycanın hava limanlarında 2 milyon 93 min sərnişinə xidmət göstərilib, bu da 2020-ci ilin göstəricisindən iki dəfə çoxdur”, - Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindənməlumat verilir.
Sərnişinlərin ümumi sayından 2,39 milyon sərnişin beynəlxalq reyslərin payına düşüb.
Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas aviadaşıyıcıları – AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən müvafiq olaraq 874,5 min və 250 min sərnişin daşınıb. Beynəlxalq reyslərin ümumi sayından AZAL-ın payına 38,2%, “Buta Airways”in payına isə 10,9% düşüb.
Açılışı 2021-ci ildə Füzuli şəhərində baş tutan, işğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı ilk hava limanına həyata keçirilən reyslərdə 675 sərnişinə xidmət göstərilib.
Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa reyslər həyata keçirir. Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistana uçuşlar həyata keçirir.
AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ötən il ərzində Azərbaycanın hava məkanından istifadə edən 47 min hava gəmisinə xidmət göstərib. “Bu da 2020-ci ilin göstəricisindən 6,3% çoxdur və pandemiyadan əvvəlki dövrün göstəricilərinin 57%-ni təşkil edir. Azərbaycan hava limanlarında uçuş və eniş zamanı daha 34 min təyyarəyə xidmət göstərilib”, - məlumatda qeyd olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən hava limanları üçün COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə “5 ulduz” reytinqinə layiq görülüb. **