Azərbaycan-Rusiya birgə müəssisə “R-Pharm” MMC tərəfindən ölkəmizdə şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
Artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib. 2022-ci ilin I rübündə müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.
Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” MMC ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.
Xəbər verildiyi kimi, 2021-ci ilin iyul ayında “R-Pharm” Şİrkətlər Qrupunun Azərbaycandakı əczaçılıq zavodu və Fransanın “Servier” şirkəti Azərbaycanda sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün preparatların lokalizasiyası sahəsində tərəfdaşlığın genişləndirildiyini elan ediblər.
Tərəflər, “R-Pharm” zavodunda şəkərli diabetin fəsadlarının profilaktikası üçün Diabeton® (qliklazid) preparatının ikincili qablaşdırma mərhələsinin lokalizasiyasını, həmçinin ölkədə bu məhsulun kommersiyalaşdırılması üçün nəzərdə tutan müvafiq saziş imzalayıblar.
Xatırladaq ki, 9 dekabr 2019-cu il tarixində Pirallahı Sənaye Parkında “Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” Şirkətlər Qrupunun istehsal zavodunun təntənəli açılış mərasimi keçirilmişdir.
Bakıda yerləşən “R-Pharm” əczaçılıq kompleksi MDB ərazisində istehsal, laboratoriya və logistika bloklarını özündə birləşdirən ən müasir zavodlardan biridir. Yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş istehsalat müəssisəsinin sahəsi 4,6 ha təşkil edir. Zavodun istehsal gücü ildə 250 mln. ədəd qutudan çoxdur. **
B.Rüstəmbəyov