Dünya Bankı (DB) 2022-ci ildə Azərbaycanda ÜDM-nin artımını 3,1% səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bankın saytında dərc olunmuş “Global Economic Prospects 2022” hesabatına əsasən, DB 2023-cü ildə Azərbaycanda ÜDM-nin artım tempinin 2,7%-ə qədər azalacağını proqnozlaşdırır.
Beləliklə, 2022-2023-cü illərdə ölkə üzrə ÜDM-nin orta illik artım tempi 2,9% təşkil edəcək.
“Cənubi Qafqazda 2022-ci ildə 3,9%, 2023-cü ildə isə 3,6% səviyyəsində artım proqnozlaşdırılır. 2022-2023-cü illərdə Azərbaycanda ÜDM-nin orta illik artım tempi 2010-2019-cu illərin orta göstəricisindən yüksək olacaq. Bu dövrdə artım dövlət investisiyalarının artması, eləcə də qeyri-enerji sektorları hesabına dəstəklənəcək. Bundan başqa, OPEC+ razılaşması çərçivəsində Azərbaycanın kvotasının, eləcə də qaz hasilatının artması da artım tempinə təsir göstərəcək”, - deyə hesabatda bildirilir.
DB-nin qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycanda ÜDM 5% artacaq.
2020-ci ildə COVID-19 pandemiyası səbəbindən məhdudiyyətlərin tətbiq olunması və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar olaraq Azərbaycanda ÜDM 4,3% azalıb.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-nin artımını 3,9%, 2023-cü ildə 5,1% səviyyəsində proqnozlaşdırır.*
A.Əzizov