Ermənistan silahlı qüvvələrinin bölmələri çərşənbə gününə keçən gecə Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub”, - deyə məlumatda bildirilir.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə məlumatda qeyd olunur.
Hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir.
Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.
“Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır”, - deyə məlumatda vurğulanır.*
E.Şəfiyev