Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
“Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olması ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb”, - deyə Baş Prokurorluqdan “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Qeyd olunub ki, hazırda iş üzrə istintaq davam edir.
Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.*
E.Şəfiyev