2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 597,1 min barel (noyabrda 588,9 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barel olub. Bunun 597,1 min barelini xam neft, 120,5 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
“OPEC plus” ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin dekabrda gündəlik 64 min barel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlaması nəzərdə tutulurdu. Beləliklə, Azərbaycan dekabr ayında “OPEC plus” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 109,5% yerinə yetirib.
“OPEC plus” ölkələri nazirlərinin iyul ayının 18-də keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir. Bu qərara əsasən, Azərbaycan gündəlik xam neft hasilatını avqustdan etibarən hər ay təqribən 7 min barel artırmaq imkanı əldə edib.*
N.Abbasova