Əks-terror əməliyyatlarının əsas fazası başa çatıb, KTMT-nin missiyası uğurla yerinə yetirilib. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov deyib.
“Əks-terror əməliyyatlarının əsas mərhələsi başa çatıb, KTMT-nin missiyası uğurla yerinə yetirilib. Sülhməramlı kontingentin çıxarılmasına başlanılır, bu proses 10 gün ərzində yekunlaşacaq”, - deyə səfir bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dövlət başçısının qətiyyətli addımları ölkəni dinc həyata qaytarmağa imkan verib.
Abdıkərimov vurğulayıb ki, ölkə prezidenti iqtisadi və siyasi modernləşmənin yeni kursunu elan edib. Siyasi sistemin demokratikləşdirilməsi qaçılmazdır - təklif olunan bütün addımlar sistematik xarakter daşıyır. Ölkənin iqtisadi siyasətində heç bir dəyişiklik olmayacaq, bütün investisiyalar qorunacaq”, - deyə diplomat əlavə edib.
Abdıkərimov qeyd edib ki, Qazaxıstanda baş verən hadisələr ölkə və xalq üçün ağır faciədir.
“Qazaxıstana qarşı hərbi, siyasi və informasiya sahəsində terror müharibəsi aparılıb. Bunun üzərində peşəkarlar işləyib”, - deyə səfir vurğulayıb.*
E.Şəfiyev