Prezident İlham Əliyev hesab edir ki, dünya bazarlarında və əsas tərəfdaş ölkələrdə vəziyyət nəzərə alınmaqla ölkə daxilində çörəyin qiymətinin qalxması qaçılmaz idi.
“Çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik”, - deyə dövlət başçısı yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Onun sözlərinə göə, eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi. “Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər”, - deyə İ.Əliyev qeyd edib.*
A.Əzizov