İndiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir. Bunu Prezident İlham Əliyev deyib.
“Müharibə zamanı Fransa baxmayaraq ki, neytral olmalı idi, vasitəçi kimi birmənalı şəkildə Ermənistan tərəfini tutdu. Müharibədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəçidir, neytral olmalıdır, açıq şəkildə Ermənistan tərəfini tutdu”, - deyə dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində bildirib.
Onun sözlərinə görə, təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə, bunu sübut etmək olar. “Birincisi, Ermənistanı dırnaqarası “demokratiya zirvəsinə” dəvət etməsi, halbuki Ermənistan və demokratiya - bunlar fərqli qütblərdir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib. İkinci də, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib”, - deyə o qeyd edib.
İ.Əliyev əlavə edib ki, Azərbaycan demokratiya uğrunda dırnaqarası “zirvə görüşünə” dəvət olunmamaqdan heç nə itirməyib və iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir. Amma fakt odur ki, burada balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir. “Bu, onların öz işidir. Biz, necə deyərlər, sadəcə olaraq, öz fikirlərimizi bildiririk və əlbəttə ki, öz siyasətimizdə bunu nəzərə alacağıq”, - deyə prezident vurğulayıb.
O deyib ki, Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb. “Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər”, - deyə İ.Əliyev hesab edir.*
A.Əzizov