Azərbayan prezidenti İlham Əliyev həmçinin korrupsiyaya qazrşı mübarizədə ASAN Xidmət modelinin genişləndirilməsinin zəruriliyini qeyd edir.
“Hesab edirəm ki, vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Burada da əlbəttə ki, institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır”, - Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlət başçısı korrupsiya səviyyəsinin azalması üçün yoxlanılmış sistem olaraq ASAN Xidmət modelini nümunə gətirib.
“Bunu sadə sözlə desəm - bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. Ona görə “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98%-dir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100% deyil. Çünki orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da, yəni haradakı korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda uğurlar daha da təsirli olacaq”, - o vurğulayıb.
Eyni zamanda, Əliyev əlavə edib ki, dövlət korrupsiyaçıları qanuna əsasən ən sərt şəkildə cəzalandıracaq. “Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”, - o bildirib. **
E.Şəfiyev