Azərbaycanda son 15 il ərzində meyvə istehsalı 2 dəfə artıb. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır”, - Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkəni əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atır.
“Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90% səviyyəsində təmin edirik, qoyun əti ilə 100%. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır”, - Əliyev vurğulayıb.
O qeyd edib ki, cins ma-qaranın sayının artımı süd və süd məhsullarının istehsalında 80%-ə çatmağa imkan yaradıb.
“Həmçinin toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik. Yəni heç vaxt tarixdə - sovet dövründə və müstəqillik dövründə bu rəqəmlərə biz çıxmamışıq”, - prezident vurğulayıb. **
X.Nəsirzadə