Balaxanı tullantı poliqonunun istifadə müddəti daha 20 il artırılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a “Təmiz Şəhər” ASC-dən məlumat verilir.
Məlumata əsasən, poliqonunun istifadə müddətinin artırılması qərarı Bakı bərk məişət tullantılarının yandırılması zavodunun səmərəli fəaliyyəti ilə əlaqədardır.
«Tullantıları böyük həcmdə zərərsizləşdirən Bakı bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ildən fəaliyyət göstərir. illik yandırma gücü 500 min ton olan zavodda tullantıların yandırılması nəticəsində ildə 231,5 mln KVt/saat elektrik enerjisi istehsal olunur. Əldə edilən elektrik enerjisi yüksək gərginlikli xətlər vasitəsi ilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür”, - cəmiyyətdən qeyd ediblər.
Zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi 4 milyon tondan çox tullantı zərərsizləşdirilib və nəticədə təxminən 1,6 MVt/saat elektrik enerjisi istehsal edilib.
«Ötən müddət ərzində termik üsulla emal edilən tullantılar ümumi həcmi 10 dəfəyə qədər azaltmış və yandırılmadan sonra yaranan dib külü yol tikintisində istifadə olunmuşdur. Bununla da poliqonun daha tez dolmasının qarşısı alınmış və ömrü daha 20 ilə qədər uzadılmışdır”, - məlumatda qeyd olunur. **
E.Şəfiyev