Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Azərbaycan 2020-ci ilin martından qüvvədə olan məhdudiyyətləri ləğv edərək ukraynalıların ölkəyə giriş-çıxışına icazə verib.
“Ukrayna vətəndaşları üçün əlavə səyahət azadlığı: Azərbaycan 2020-ci ilin mart ayından etibarən qüvvədə olan məhdudiyyətləri ləğv edib və ukraynalılar üçün hava sərhədlərini açıb. Bu, səyahət, biznes və turizm üçün daha çox imkanlar deməkdir”, - deyə Kuleba Twitter hesabında yazıb.
Nazirlər Kabinetinin 13 yanvar tarixli qərarı ilə Ukrayna ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verildiyi ölkələr siyahısına daxil edilib.
Səyahətçilər COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvəndolunmasını təsdiq edən sənəd), eləcə də uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sertifikat əsasında Azərbaycana gəlib-gedə biləcəklər.*
E.Şəfiyev