Azərbaycanın aqrar şirkətlərinin təcrübəsi və biznes imkanları ölkənin kənd təsərrüfatı məhsullarına olan daxili tələbatını digər region ölkələrinin torpaq resurslarının hesabına ödəməyə imkan verir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.
“Azərbaycanın aqrar şirkətlərinin təcrübəsi və biznes imkanları ölkənin kənd təsərrüfatı məhsullarına olan daxili tələbatını digər region ölkələrinin torpaq resurslarının hesabına ödəməyə imkan verir. Söhbət digər ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirərək Azərbaycana gətirməkdən gedir”, - deyə F.Fikrətzadə bildirib.
Onun sözlərinə görə, region ölkələrinin çoxunda torpaqlarla təminat göstəricisi, torpaq resursları məhdud olan Azərbaycandan daha yaxşıdır.
“Azərbaycanda müasir istehsal texnologiyalarını tətbiq edən, böyük həcmdə istehsal həyata keçirən aqrar şirkətlər yaranıb ki, onların təcrübəsi, potensialları və biznes imkanları ölkənin kənd təsərrüfatı məhsullarına olan daxili tələbatını digər region ölkələrinin torpaq resurslarının hesabına ödəməyə imkan verir. Bununla bağlı artıq ilkin təcrübələr də var. Bizim iri sahibkarların Rusiyada, Ukraynada, Qazaxıstanda müxtəlif kənd təsərrüfatı layihələrində – həm taxılçılıq, həm istixana sektorunda iştirak təcrübələri var. Bu, bizim taxıl təminatımızda da müsbət məqam kimi çıxış edir”, - deyə Mərkəzin direktoru qeyd edib.
Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, ölkə hökuməti daxili tələbatı ödəmək üçün başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqların icarəyə götürülməsi mümkünlüyünü istisna etmir. “İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq - başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyevin sözlərinə görə, ölkədə buğda istehlakı ilə istehsalı arasında fərq ildə 1,3 milyon ton təşkil edir. “Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar”, - deyə o bildirib.*
B.Rüstəmbəyov