Azərbaycan gömrük orqanları tərəfindən 2019-2021-ci illər ərzində 6 ton 523 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
“Azərbaycan gömrüyü müasir texnologiyalardan istifadə etməklə ticarət yolları üzərində səmərəli nəzarət sistemi formalaşdırıb. Azərbaycan gömrük orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-2021-ci illər ərzində 6 ton 523 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb, o cümlədən 2021-ci ildə 3 ton 43 kq narkotik vasitə və psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb”, - deyə DGK-dan “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Komitədən qeyd ediblər ki, Azərbaycan gömrükçüləri Ankarada türkiyəli həmkarları ilə görüş keçiriblər. Görüşdə cinayətkar qrupların narkotik vasitə və psixotrop maddələrin dövlət sərhədindən keçirilməsində istifadə etdikləri forma, üsul və metodlar, həmçinin gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin aparılması haqqında müzakirələr keçirilib.*
X.Nəsirzadə