Tarif (qiymət) Şurası təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi üzrə tarifin artırılmasına dair qərar qəbul edib.
“Təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi sahəsində effektiv idarəetmənin təmin olunması üçün Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr (mövcud tarif 10 manat/kubmetr) səviyyəsində müəyyənləşdirilib”, - deyə Şuranın məlumatında bildirilir.
Təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsi 2014-cü il avqustun 1-də həyata keçirilib, mövcud tarif xərcləri ödəmir və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaradır.
Bundan başqa, Tarif Şurası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinın müraciətinə baxaraq müvafiq qərar qəbul edib.
Belə ki, nazirlik Şuraya müraciət edərək, universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib. Müraciətdə, həmçinin qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb. Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq.
İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.
Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.
Qərarlar yanvarın 17-dən qüvvəyə minir.
Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək 13 min 32 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri təsdiq olunub.*
X.Nəsirzadə