Prezident İlham Əliyev Bakı və Kiyevin energetika sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı planlarının olduğunu bəyan edib və bu planların həyata keçiriləcəyinə əminliyini ifadə edib.
“Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalarından ibarət şəbəkəsi var”, - deyə İ.Əliyev yanvarın 14-də Kiyevdə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, o əlavə edib ki, Azərbaycan-Ukrayna əməkdaşlığı, həmçinin neft emalı sahəsini də əhatə edir.
“Bu, bizim daha fəal əməkdaşlıq edə biləcəyimiz sahədir”, - deyə Azərbaycan Prezidenti hesab edir.
Onun sözlərinə görə, digər sahələrdə əməkdaşlığa gəlincə, Azərbaycanla Ukrayna arasında fikir ayrılığı yoxdur.
İ.Əliyev qeyd edib ki, pandemiyaya baxmayaraq, ölkələr ikitərəfli ticarətin həcmini iki dəfədən çox artırmağa müvəffəq olublar. “Və biz hətta daha çox artıma nail ola bilərik”, - deyə dövlət başçısı hesab edir.*
R.Əhmədov