Azərbaycan Ukrayna ilə birgə müəssisələrin yaradılması yolu ilə öz ərzaq təhlükəsizliyini yaxşılaşdırmağı planlaşdırır. Bunu Prezident İlham Əliyev deyib.
Prezident İlham Əliyev yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra bəyan edib ki, Ukrayna Prezidenti ilə müzakirə etdikləri sənədlər və məsələlər dövlətlər arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək.
“Biz bu gün ərzaq təhlükəsizliyi məsələsini də müzakirə etdik. Bu məsələnin müzakirə olunması Azərbaycana qida sənayesində birgə müəssisələrin yaradılması yolu ilə öz ərzaq təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək”, - deyə İ.Əliyev vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, o əlavə edib ki, Azərbaycan Ukrayna ilə bütün sahələrdə əməkdaşlığa hazırdır.
“Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq”, - deyə prezident bildirib.
İ.Əliyev Zelenskini Bakıya səfərə dəvət edib.
O, həmçinin qeyd edib ki, tezliklə Azərbaycan və Ukrayna diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər.*
R.Əhmədov