Ermənistan XİN-in guya Bakıda erməni əhalisinə qarşı qırğın törədilməsi ilə bağlı iddiası Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətləri gizlətmək məqsədini güdür. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in “Bakıda ermənilərə qarşı qırğının” törədilməsi barədə bəyanatını şərh edərkən bildirib.
“Ermənistan XİN-in guya Bakıda 1990-cı ilin yanvar ayında erməni əhalisinə qarşı qırğın törədilməsi ilə bağlı tamamilə əsassız və uydurma iddiası, Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdən propaqandadır”, - deyə o qeyd edib.
L.Abdullayeva bildirib ki, ermənilərin qurban şəklində təqdim edildiyi hekayələr onilliklər ərzində erməni millətçiliyinin ideoloji əsasını təşkil edib.
“Təəssüflə qeyd etməliyik ki, ermənilərin qurban şəklində təqdim edildiyi hekayələr onilliklər ərzində erməni millətçiliyinin ideoloji əsasını təşkil edib və elə bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına təkan verib, Ermənistanla Azərbaycan arasında yüz minlərlə insanın böyük iztirablarına səbəb olan dağıdıcı münaqişəyə gətirib çıxarıb. Hazırda münaqişədən sonrakı dövlətlərarası münasibətlərin normallaşması məsələlərinin müzakirə mövzusu olduğu bir vaxtda Ermənistan XİN-in yenidən bu kimi əsassız və destruktiv bəyanatlarla çıxış etməsi qarşı tərəfin münasibətlərin normallaşmasına çalışmadığını, əksinə zərərli fikirlərlə öz cəmiyyətlərini zəhərlədiklərini göstərir. Bu isə təəssüf doğurduğu qədər təhlükəlidir”, - deyə Mətbuat xidməti idarəsinin rəisi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, dinc əhaliyə qarşı törətdikləri cinayətləri etiraf etməlidir.
“Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və 30 ilə yaxın davam edən işğalçı siyasəti çərçivəsində yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını onilliklər ərzində kobudcasına pozduqlarını etiraf etməlidir. Etiraf etməlidir ki, günahkar şəxslər məsuliyyətə cəlb edilsin, gələcəkdə bu kimi cinayətlər bir daha törədilməsin”, - deyə L.Abdullayeva əlavə edib.*