Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevlə ölkələrin qarşılıqlı maraq sahələrində konkret layihələrin reallaşdırılmasına hazır olduqlarına dair Birgə Bəyannamə imzaladığını bildirib.
“Bu, həm suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi, həm Qara dəniz-Xəzər regionunda və onun hüdudlarından kənarda sülh və sabitliyin təmin olunması, hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq və regional təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi deməkdir”, - deyə o, Facebook səhifəsində yazıb.
Zelenski bildirib ki, Ukrayna ilə Azərbaycan arasında tarixən sıx və məhsuldar əməkdaşlıq əlaqələri mövcud olub və tezliklə dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olacaq.
Ukrayna dövlətinin başçısı koronavirus pandemiyasına baxmayaraq, 2021-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını qeyd edib. Onun sözlərinə görə, ölkələr bununla kifayətlənmək niyyətində deyil. “Cənab Prezident Əliyevlə növbəti iki ildən sonra ikitərəfli ticarətin həcmini iki dəfə artırmağı qarşıya məqsəd qoyduq”, - deyə Zelenski qeyd edib.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti ilə iki ölkənin iqtisadi-ticarət, yanacaq-energetika, hərbi-texniki, infrastruktur, aqrar sənaye, mədəni-humanitar sahələrdə əməkdaşlığının yeni məzmunla zənginləşdirilməsi planları ətraflı müzakirə olunub.
“İlham Əliyevin qeyd etdiyi kimi, Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq möhkəm dostluğa əsaslanır, bu gün Kiyevdə imzalanan sənədlər isə ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edəcək. Xüsusilə Ukrayna-Azərbaycan danışıqlarının nəticələrinə əsasən, qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş, həmçinin ikitərəfli ticarətdə təcili əməkdaşlıq, aqrar sahədə əməkdaşlıq, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, torpaq münasibətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma memorandumları imzalanıb”, - deyə Ukrayna Prezidenti yazıb.
Tərəflər, həmçinin 2022-ci ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın iclasının keçirilməsi ilə bağlı razılığa gəlib. Xüsusilə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclasının keçirilməsi planlaşdırılır.
“Əminəm ki, əldə etdiyimiz razılaşmalar dövlətlərimiz arasında strateji tərəfdaşlığın daha təsirli, məzmunlu və qarşılıqlı faydalı mərhələsini başlayır”, - deyə Zelenski vurğulayıb.*