Bakı və Ankara 2022-ci ildə Türkiyə-Azərbaycan Rəqəmsal Transformasiya Forumunun təsis edilməsi haqqında qərar qəbul edib.
Müvafiq razılıq Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun və Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribəyin həmsədrliyi ilə keçirilən Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə işçi qrupunun ilk iclasında əldə olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, iclas videokonfrans formatında keçirilib.
“İclas zamanı iki ölkə arasında rəqəmsal transformasiya sahəsində həyata keçiriləcək layihələrə özəl sektorun cəlb edilməsi, B2B və B2G formatlarda əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə-Azərbaycan Rəqəmsal Transformasiya Forumunun təsis edilməsi və ilk tədbirin 2022-ci ilin sonunda təşkili qərara alınıb”, - deyə məlumatda bildirilir.
İclasda 14 sentyabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə işçi qrupunun Yol Xəritəsi”ndə qeyd olunan əməkdaşlıq istiqamətləri üzrə 2022 – 2023-cü illər ərzində görüləcək işlər müzakirə edilib. Qeyd edək ki, bu istiqamətlərə fərdi məlumatların mühafizəsi, kibertəhlükəsizlik, “Hökumət buludu”, Rəqəmsal Transformasiya Konsepsiyası daxildir.*
R.Kərimov