Bakı və Kiyev 2025-ci ilə qədər qarşılıqlı ticarət dövriyyəsi həcmini iki dəfə - $2 milyarda qədər aretırmağı planlaşdırır. Bu barədə Ukrayna baş nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vereşçuk bəyan edib.
“2021-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi son bir neçə ildə ilk dəfə olaraq təxminən 1 milyard ABŞ dollarına çatıb.Prezidentlər üç il ərzində ikitərəfli ticarətin həcmini iki dəfə artırmağı qarşıya məqsəd qoyublar. Ticarət, investisiya, ərzaq və enerji təhlükəsizliyinə aid olan imzalanmış sənədlər də məhz buna yönəlib”, - Vereşçuk “AZƏRTAC” dövlət agentliyinə müsahibəsində bildirib.
Onun rəyinə görə, Bakı və Kiyev birgə layihələrə daha çox diqqət ayırmalıdır. “Biz genişmiqyaslı birgə layihələrə diqqət yetirməliyik. Bu, məsələn, Azərbaycan şirkətlərinin Ukraynada “Böyük Tikinti” proqramında, eləcə də Ukrayna şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştirakıdır. Söhbət həm də enerji layihələrindən və neft emalı sahəsində əməkdaşlıqdan gedir”, - baş nazirin müavini vurğulayıb.
Vereşçuk əlavə edib ki, ərzaq təhlükəsizliyi kontekstində söhbət qida sənayesində birgə innovasiya layihələrindən gedir. Ərzaq məhsullarının idxalı, ixracı, tranziti və təkrar ixracı prosedurlarının sadələşdirilməsi üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
O bildirib ki, bu ilin birinci yarısında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır. **
E.Şəfiyev