2021-ci ilin dekabr ayında Azərbaycanda inflyasiya sentyabr ayında qeydə alınmış 1.5% səviyyəsində inflyasiyaya qarşı 1,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2021-ci ilin dekabr ayında respublikada inflyasiya 1,6% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,6%, qeyri-ərzaq mallarının qiymətləri 0,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,9% bahalaşıb”, - Komitədən bildirilir.
Statistik məlumatlara əsasən, 2021-ci ilin dekabr ayında inflyasiya 2020-ci ilin dekabr ayı ilə müqayisədə 12% təşkil edib.
Dekabrın sonuna orta illik inflyasiya 6,7% (2021-ci il noyabrın sonuna – 6,2%) təşkil edib. Həmçinin, ərzaq məhsulları üzrə orta illik inflyasiya 8,1%, qeyri-ərzaq malları üzrə 5,1%, xidmətlər üzrə 5,8% təşkil edib.
2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib.
2021-ci ildə inlyasiya tendensiyalarında artım müşahidə olunub. Azərbaycan hökuməti bunu idxal inflyasiyası, həmçinin hesabat ili ərzində ölkə daxilində enerji daşıyıcıları və mənzil-kommunal xidmətlərinin qiymətlərinin artımına müəyyən təsir ilə əlaqələndirirdi.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 6% səviyyəsində gözləyirdi. AMB 2021-ci ildə orta illik inflyasiyanı 6,3-6,6% səviyyəsində qiymətləndirirdi.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə orta illik inflyasoyanın 4%-dək azalcağını proqnozlaşdırır. **
N.Abbasova