Yanvarın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Görüşdə tərəflər iki ölkə arasında iqtisadi, sərmayə, nəqliyyat, enerji, humanitar, o cümlədən turizm sahələrində əməkdaşlığın inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.
İki ölkənin siyasi sahədə, eləcə də konsulluq sahəsində məsləhətləşmələri davam etdirməsinin vacibliyi qeyd olunub. Habelə iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsi baxımından hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmi vurğulanıb.
Ceyhun Bayramov iki dövlət arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olmasından və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə edib.
Öz növbəsində, Aleksa Beçiç Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində ölkəsinə göstərdiyi humanitar yardımı minnətdarlıqla qeyd edib.
Monteneqro Parlamentinin sədri Azərbaycan xarici işlər nazirini ölkəsinə səfərə dəvət edib.*
B.Rüstəmbəyov