2021-ci ildə Azərbaycanda 9 milyard 163,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 4 milyard 652,4 milyon manat məbləğində heyvandarlıq, 4 milyard 511 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,8%, bitkiçilik məhsullarının istehsal həcmi 4% artıb.
Ötən il respublikada 610 min ton ət (artım 3,2%), 2 milyon 223,4 min ton süd (artım 1,4%), 16,1 min ton yun (artım 0,1%), 1 milyard 838,8 milyon ədəd yumurta (azalma 3,5%) və 497,4 ton barama istehsal edilib.
DSK-nın məlumatına görə, 1 milyon 815,5 min ton tərəvəz (artım 4,4%) toplanıb.
Hesabat ilində tarlalardan 1,062 milyon ton kartof (artım 2,3%), qarğıdalı da daxil olmaqla 3 milyon 363 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (artım 3,3%), 1 milyon 885,4 min ton buğda (məhsuldarlıq 32,9 sentner), 459,9 min ton bostan məhsulları (artım 2,6%), 1 milyon 204,9 min ton meyvə və giləmeyvə (artım 6,3%), 209,8 min ton üzüm (artım 0,9%), 1 min 177,7 ton yaşıl çay yarpağı (artım 26,4%), 193,2 min ton şəkər çuğunduru (azalma 23,7%), 286,7 min ton pambıq (azalma 14,9%), 25,8 min ton günəbaxan (artım 4,2%) və 6,4 min ton tütün (azalma 7,7%) yığılıb.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.*
X.Nəsirzadə