2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 3,35% - $45 milyard 25,1 milyona qədər artıb. Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.
Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.
“Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb”, - deyə məlumatda bildirilir.
2021-ci il ərzində ARDNF-in büdcə gəlirləri 15 milyard 985,6 milyon manat, neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 698,2 milyon manat, tranzit gəlirləri 21,4 milyon manat, bonus ödənişləri 776,9 milyon manat, akrhesabı ödənişləri 5,3 milyon manat təşkil edib. Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 287,4 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 20,56%-ni təşkil edir.
2021-ci il ərzində ARDNF-in büdcə xərcləri 11 milyard 382,7 milyon manat təşkil edib.
Ötən il ARDNF-in 2021-ci il büdcəsinin icrası çərçivəsində 11 milyard 350 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldilib. 2021-ci il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 22,5 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 2 milyard 119,3 milyon manat təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
B.Rüstəmbəyov