Xarici İşlər Nazirliyi hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekressin Qarabağa qanunsuz səfəri ilə əlaqədar açıqlamasının Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir.
“Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan bir tərzdə açıqlama edilmişdir. Belə ki, təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi. Nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirmişdir”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür.
“Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır”, - deyə L.Abdullayeva əlavə edib.
O qeyd edib ki, Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz.
L.Abdullayeva hesab edir ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidentinin təşəbbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.
“Eyni zamanda vurğulamaq istərdik ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımi addımları atacaq”, - deyə XİN rəsmisi əlavə edib.*
A.Əzizov