2021-ci ildə Azərbaycanda cinayətlərin 84%-ni böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Bu barədə daxili işlər naziri Vilayət Eyvazov bəyan edib.
“2021-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31.131 cinayət qeydə alınıb və onlardan 94,2%-i daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub. Cinayətlərin 84%-ni böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib”, - Eyvazov respublika daxili işlər orqanlarının 2021-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.
Nazirin sözlərinə görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 88,9 %-nin açılması təmin edilib.
“Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 82,9%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4%-i, şəxsiyyət əleyhinə olanların 97,9%-i, mülkiyyət əleyhinə olanların 79,9%-i açılıb. Vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı isə hesabat dövründə 39% artaraq 7837 fakt təşkil edib”, -nazir deyib.
Eyvazovun sözlərinə görə, 2021-ci ildə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 332 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Həmçinin, nazirin sözlərinə görə, 2020-ci illə müqayisədə zorakılıqla bağlı cinayətlərin azalması qeydə alınıb.
“Müqayisə edilən dövrə nisbətən 2021-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 4,3%, o cümlədən qəsdən adam öldürmələr 13%, adam öldürməyə cəhdlər 16,7%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 2,7%, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 21,4%, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər 31%, oğurluqlar 3,3%, onlardan mənzillərdən edilənlər 14%, soyğunçuluqlar 26% azalıb. Həyata keçirilmiş operativ tədbirlər nəticəsində 268 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib”, - Eyvazov bildirib.
O cümlədən, qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitənin çıxarıldığını, 174 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edilib. **
E.Şəfiyev