2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin sayı 33,696 min nəfər və ya 0,3% artaraq 2021-ci il dekabrın 1-nə 10 milyon 152,829 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Yanvar-oktyabr aylarında ölkə üzrə 101,775 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 12,6% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib. Körpələrdən 2,628-sı əkiz, 75-i üçəm, 8-i isə dördəm doğulub.
Bu dövrdə 69,761 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,6 təşkil edib. 2020-ci ilin yanvar-noyabr aylarında bu göstərici 6,7 olub.
Hesabat dövründə ölkədə qeydiyyat şöbələri tərəfindən 50,89 min nikah (2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 56,9%) və 15,659 min boşanma halı (artım 16,5%) qeydə alınıb. **
X.Nəsirzadə