Azərbaycan-Ermənistan sərhədinin delimitasiya hər hansı qeyd-şərt olmadan həyata keçirilməlidir. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
Azərbaycan XİN-in məlumatına görə, bunu Bayramov Vyanaya ATƏT-in baş katibi Helqa Şmit ilə görüşü zamanı deyib.
“Nazir, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirildiyini və Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib. Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil. Baş katibin diqqətinə çatdırılıb ki, Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır”, - XİN-in məlumatında qeyd olunur.
O cümlədən, Bayramov Şmitə hazırda bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistanla münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı addımlar barəsində məlumat verib.
Nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb və cari post-münaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in layihə əsaslı iştirakında maraqlı olduğumuzu ifadə edib.
Şmit Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi münasibətilə təbrik edib. “O, sədrlik prioritetlərinin müfəssəl və tarazlı olduğunu qeyd edib. Hal-hazırda ATƏT məkanında təhlükəsizlik məsələlərinin həllində TƏF-in rolunun böyük olduğunu bildirən baş katib, Azərbaycanın cari sədrliyinin problemlərin həllinə yardımçı olacağına ümid ifadə etdi. Azərbaycanın sədrlik prioritetlərinin ATƏT tərəfindən dəstəklənildiyi vurğulandı. ATƏT Katibliyinin bu prioritetlərin icrasında Azərbaycan sədrliyi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğu ifadə edilib”, - XİN-dən vurğulanır.
Tərəflər, Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
R.Kərimov