Xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
“Nazir Ceyhun Bayramov Azərbaycanın nüvə təhlükəsizliyinin qorunmasına və daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində bütün səyləri dəstəklədiyini bildirib. O, Ermənistan tərəfindən köhnə texnologiyalı AES-in istismarında təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarətin vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Baş direktor Qrossi Azərbaycanın Agentlik üçün çox vacib tərəfdaş olduğunu və bir çox sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
“Ətraf mühitin qorunması sahəsində Azərbaycanla Agentlik arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə