Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Prezident İlham Əliyev Fransa və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə bu formatda baş tutan görüşü yüksək qiymətləndirərək bunun Brüsseldə müzakirə olunan sülh gündəliyinin inkişaf etdirilməsi üçün müsbət imkanlar yaratdığını vurğuladı.
Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümon Azərbaycan xalqı üçün 20 Yanvar Hüzn Günündə nümayəndə heyətini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
“İzabel Dümon bu səfərin dekabrın 15-də Brüsseldə keçirilən müsbət görüşlərin davamı olaraq müzakirələrin aparılması məqsədi daşıdığını vurğuladı”, - deyə məlumatda qeyd olunur.
Öz növbəsində, Toivo Klaar Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini vurğuladı, regiona səfərin vacib məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi.
Görüşdə regionda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.*
X.Nəsirzadə