Operativ məlumatlara əsasən, 2021-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 17 milyon manat (ÜDM-in 1,1%-i) təşkil edib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, dövlət büdcəsinin gəlirləri 26 milyard 395,5 milyon manat (proqnoz 103,8% icra olunub) təşkil edib. 2020-ci illə müqayisədə büdcə gəlirləri 6,9% artıb.
Gəlirlərin strukturunda Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 531,4 milyon manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur (proqnozun 117,7%-i).
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4 milyard 343 milyon manat vəsait (artım 10,3%, proqnozun 111,4%-i) daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat vəsait daxil olub (proqnoz 93% icra olunub).
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 880 milyon manat vəsait transfert olunub, AMB-nin mənfəətindən 250 milyon manat daxil olub.
2021-ci ilin dördüncü rübündə dövlət büdcəsinə daxilolmalar 8 milyard 523,9 milyon manat təşkil edib.
2021-ci il ərzində dövlət büdcəsinin xərcləri 27 milyard 412,5 milyon manat təşkil edib, proqnoz 96% icra edilib. 2020-ci illə müqayisədə xərclər 3,8% artıb.
Sosialyönümlü xərclər 10 milyard 297,1 milyon manat təşkil edib (2020-ci illə müqayisədə artım 6,7%).
2021-ci ildə dövlət büdcəsi xərclərinin 16 milyard 588,3 milyon manatı (azalma 0,4%) cari xərclərə, 8 milyard 625,4 milyon manatı (artım 7,4%) əsaslı xərclərə, 2 milyard 198,8 milyon manatı (artım 27,4%) dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
2021-ci ilin oktyabr-dekabr aylarında dövlət büdcəsinin xərcləri 9 milyard 700,4 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ildə dövlət büdcəsinin kəsirinin ödənilməsi məqsədilə 346,6 milyon manat məbləğində kreditlər cəlb edilib, dövlət borcları 557,7 milyon manat təşkil edib, daha 112,7 milyon manat özəlləşdirmədən daxilolmalar hesabına təmin olunub.
2021-ci il ərzində icmal büdcənin gəlirləri 33 milyard 902,9 milyon manat (artım 42,3%), xərcləri - 29 milyard 980,6 milyon manat (artım 2,8%), profisit – 3 milyard 922,3 milyon manat (ÜDM-in 4,2%-i - İF) təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edib. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılıb.**
B.Rüstəmbəyov