2021-ci ilin yanvar-noyabr ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 36 milyon 402,4 min ton təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrünün göstəricisindən 5,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin 12 milyon 166,2 min tonu və ya 33,4%-i dəmir yolu nəqliyyatı (azalma 5,1% - İF), 20 milyon 129,7 min tonu və ya 55,3%-i avtomobil nəqliyyatı (azalma 2,5%), 4 milyon 106,5 min tonu və ya 11,3%-i (azalma 18,1%) dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 21,9%-ni və ya 7 milyon 962,4 min tonunu (azalma 5%) tranzit yüklər təşkil edib.
2021-ci ildə yükdaşımaların azalması COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə izah olunur.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova