SOCAR və Norveçin “Equinor” şirkətləri Xəzərin Azərbaycan sektorunda “Aypara” strukturunda sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarının olmasını gözləyirlər. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat veruilir.
Cümə günü SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“Görüşdə şirkətlər tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” layihəsinin gedişi, eləcə də “Dan Ulduzu-Əşrəfi-Aypara” perspektivli strukturlarında kəşfiyyat qazması işlərinin planlaşdırılması məsələləri müzakirə olunub. Bildirilib ki, “Aypara” strukturunda aparılmış seysmik kəşfiyyat işləri burada sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarının olmasına yüksək ehtimal verməyə əsas verir», - məlumatda deyilir.
Görüşdə həmçinin şirkətlərin əməkdaşlıq etdiyi digər sahələr, o cümlədən, “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar bloku ilə bağlı fikir mübadiləsi aparılıb.
Hazırda “Equinor” şirkəti (keçmiş “Statoil”) və SOCAR Azərbaycanda “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun, “Qarabağ” yatağının işlənilməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili layihələri üzrə əməkdaşlıq edirlər.
31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Layihənin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.
SOCAR və “Equinor” şirkətləri 2020-ci ilin mart ayında Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Yataqda çıxarıla bilən neft ehtiyatları 21 milyon tondan çox, qaz ehtiyatları 13 milyard kubmetr həcmində qiymətləndirilir.
“Qarabağ” yatağında neft hasilatına 2022-ci ilin IV rübündə, qaz hasilatına 2023-cü ildə başlanılması planlaşdırılır. 2026-cı ildə yataqdan hasilat pik həddə çatacaq. Yataqdan gündəlik 5 min tondan çox neft və 4,5 milyon kubmetrə qədər qaz hasilatı nəzərdə tutulur.
Yatağın ilkin işlənmə layihəsi 12 quyunun - 6 neft, 3 qaz və 3 suvurma quyusunun qazılmasını nəzərdə tutur.
“Qarabağ” yatağı Bakıdan 120 km şərqdə yerləşir. Yatağın ərazisində dənizin dərinliyi 180 metrdir.
Əşrəfi-Dan Ulduzu-Aypara müqavilə sahəsi Bakıdan 50 km şərqdə, Azərbaycanın sahil xəttindən (Abşeron yarımadası) 14 km şərqdə və Çilov və Pirallahı adalarından 7 km şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 20-225 metr arasında dəyişir.
13 milyard kubmetr qaz və 17 milyon ton kondensat ehtiyatına malik olan “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 100 kilometr şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 250 metrdən 450 metrə kimi dəyişir.
“Əşrəfi-Dan Ulduzu” strukturlar blokunun işlənməsi haqqında müqavilə 1997-ci ildə BР (30%), “Unocal” (25,5%), “Itochu” (20%) və “Delta HESS” (4,5%) arasında imzalanıb. Bu layihədə SOCAR-ın payı 20% təşkil edib. “Əşrəfi” yatağında kəşfiyyat işləri çərçivəsində az həcmdə - 20-40 milyon ton karbohidrogen ehtiyatları aşkarlanıb. Müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib.**
N.Abbasova