Yanvarın 24-dən etibarən Azərbaycanda COVID-19 xəstələrinin karantin müddəti iki həftədən bir həftəyə qədər azaldılır. Bu barədə şənbə günü Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda deyilir.
“Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar tarixindən etibarən 14 gündən 7 günə azaldılır”, - məlumatda qeyd olunur.
Məlumatda bildirilir ki, SARS-CoV-2 virusunun “Omicron” ştamının spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur. **
R.Kərimov