2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12 761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb, bu da bir il əvvələ olan göstəricidən 21.4% çoxdur.
Bu barədə Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində qeyd olunub.
“2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb. Ötən illə müqayisədə 2252 hadisə, yəni 21,4% artım müşahidə edilib”, - şənbə günü Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
Məlumata əsasən, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur.Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 2792 hadisə olub, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7608 hadisə olub, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olub.
Cinayətlərin açılma göstəricisi 86.3% olub ki, bu ötən illə müqayisədə 5,4% çoxdur.
“Bakı şəhəri ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub», - Prokurorluqdan vurğulanır. **