Şənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə XİN-dən məlumat verilir.
“Tərəflər iki ölkə arasında iqtisadi, ticarət, enerji, o cümlədən alternativ enerji mənbələri, habelə humanitar, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Azərbaycan XİN başçısı qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, 44 günlük müharibə nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhdidi və bu təhlükə ilə aparılan mübarizə barədə danışıb. Nazir, həmçinin həmsöhbətinə münaqişədən sonrakı bərpa və quruculuq işləri, azad olunmuş ərazilərdə sürətlə davam edən infrastruktur layihələri barədə məlumat verib və “yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağımızı” qeyd edib.
Görüşdə tərəflər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
R.Kərimov