Bakı və Tehran Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının inşası prosesinin sürətləndirilməsinə dair razlığa gəlib.
18-19 yanvar tarixlərində “Qız Qalası” hidroqovşağında Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tamamlanması ilə bağlı Birgə Texniki Komissiyanın Azərbaycan və İran tərəfindən üzvlərinin görüşü zamanı müvafiq qərar qəbul olunub. Bu barədə şənbə günü Azərbaycan Energetika Nazirliyi məlumat verir.
“İşğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə tələbatının ödənilməsi, habelə kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malik olan “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və su elektrik stansiyalarının inşası prosesinin sürətləndirilməsi üçün səylərin artırılması qərara alınıb”, - məlumatda deyilir.
Nazirlikdən bildirilir ki, iclasda bundan sonra görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Prezident İlham Əliyev 2016-cı ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiq edib.
Sənəd ratifikasiya edilərək 1989-cu ildə həyata keçirilməsinə başlanılmış, lakin Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində reallaşdırılması dayandırılmış sazişin davamıdır.
Ümumi tutumu 1,6 milyard kubmetrdən çox olan bu hidroqovşaqlar və elektrik stansiyaları Azərbaycana və İrana Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə etməyə imkan verəcək.**
R.Kərimov