“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi 2026-cı ilədək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının $8 milyard 320 milyona qədər artacağını proqnozlaşdırır.
2021-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları $7 milyard 75,4 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, “S&P” 2022-2025-ci illərdə Mərkəzi Bankın ehtiyatlarının 17,6% artacağını proqnozlaşdırır.
Bununla yanaşı, agentliyin proqnozlarına görə, 2022-ci ildə AMB-nin valyuta ehtiyatları $7 milyard 544 milyona, 2023-cü ildə $7 milyard 825 milyona, 2024-cü ildə $8 milyard 120 milyona, 2025-ci ildə $8 milyard 320 milyona qədər artacaq.
Xəbər verildiyi kimi, AMB-nin valyuta ehtiyatlarının maksimum həcmi 2014-cü il iyunun 30-da qeydə alınıb və $15 milyard 163,2 milyon təşkil edib. Lakin 2014-cü ilin ikinci yarısından etibarən bankın valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Bu azalma valyuta ehtiyatlarının dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə şərtlənib. Nəticədə 2014-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $13 milyard 758,3 milyona, 2015-ci ilin sonuna $5 milyard 16,7 milyona, 2016-cı ilin sonuna $3 milyard 974,4 milyona qədər azalıb.
2017-2021-ci illərdə AMB-nin ehtiyatlarında artım qeydə alınıb. Xüsusilə 2017-ci ildə bankın valyuta ehtiyatları 34,2%, 2018-ci ildə 5,4%, 2019-cu ildə 11,2%, 2020-ci ildə 1,8%, 2021-ci ildə 11,1% artıb.*
A.Əzizov