“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi 2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatının 0,77 milyon barelə qədər artacağını proqnozlaşdırır.
“Son aylarda Azərbaycan OPEC+ tərəfindən müəyyən edilmiş kvotalardan təxminən 10% az neft hasil edir ki, bu da ölkənin neft yataqlarında hasilatla bağlı məhdudiyyətlərin olduğunu göstərir, eləcə də “Azəri-Çıraq-Günəşli” neft yatağında görülən işlərlə bağlıdır. Bununla belə, neft hasilatının həcmi ilə bağlı OPEC+ məhdudiyyətlərinin yumşaldılması prosesi davam etdiyinə görə Azərbaycanda hasil edilən neftin həcminin bir qədər (2022-ci ildə 0,77 milyon barelə qədər) artacağını, ortamüddətli perspektivdə isə 2025-ci ilədək gündəlik neft hasilatının 0,75 milyon barelə qədər azalacağını proqnozlaşdırırıq”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu proqnozlarda bildirilir.
Agentliyin qiymətləndirmələrinə görə, hasilatın həcminin saxlanılması və ya artırılması üçün mövcud yataqlara əlavə sərmayə qoyuluşu tələb olunacaq.
“S&P” vurğulayır ki, mövcud neft yataqları köhnəlir və hasilat həcmləri tədricən azalır. 2010-2021-ci illər ərzində Azərbaycanda neft hasilatının həcmi 30%-dək: gündəlik 1 milyondan çox bareldən təxminən 0,74 milyon barelə qədər azalıb.
“Azərbaycan iqtisadiyyatı karbohidrogen hasilatı sektorundan əhəmiyyətli dərəcədə asılıdır, hazırda bu sektor dünya üzrə neftin əlverişli qiymətlərindən faydalanır. Azərbaycanın ixracının təxminən 90%-i neft və qazın payına düşür və bu sektor ölkə ÜDM-nin 50%-ni təşkil edir”, - deyə agentlik qeyd edir.
Bununla yanaşı, “S&P”nin Azərbaycanın qaz sektorunda artım templəri üzrə proqnozu neft sektoru ilə müqayisədə daha yaxşıdır. ““Mərhələ-2” çərçivəsində “Şahdəniz” qaz yatağından hasilata 2018-ci ildə başlanılıb, 2019-2020-ci illərdə bu layihə ilə bağlı iki qaz kəməri - Trans-Anadolu qaz kəməri (TANAP) və qazın Türkiyə və Avropaya nəql edildiyi Trans-Adriatik qaz kəməri (TAP) istismara verilib. Nəticədə 2017-2021-ci illərdə Azərbaycanda qaz hasilatı 73% artıb və hökumətin gözləntilərinə görə, 2025-ci ilin sonunadək daha 20% artacaq”, - deyə agentlik vurğulayır.
“Buna baxmayaraq, hətta hasilatın artması da nəzərə alınmaqla qaz ixracı ölkə iqtisadiyyatında nisbətən az rol oynayacaq, çünki ortamüddətli perspektivdə karbohidrogen ixracının yalnız 20%-ə qədəri qazın payına (təxminən 80%-i neftin payına) düşəcək. Bundan başqa, Avropada qazın qiyməti son dərəcə yüksək olsa da, bunun Azərbaycan iqtisadiyyatına müsbət təsiri çox olmayacaq, belə ki, qaz ixracı haqqında müqavilələrin əksəriyyəti uzunmüddətli xarakter daşıyır və bu müqavilələr çərçivəsində qiymətlər neftin qiymətlərinə bağlıdır”, - deyə “S&P”nin analitikləri hesab edirlər.
Hökumətin proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda 34 milyon 830,3 min ton neft və 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcək.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycanda neft (kondensatla birlikdə) hasilatı 34 milyon 580,7 min ton təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 0,1% çoxdur. Ötən il 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%) hasil edilib.*
A.Əzizov