31 dekabr 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 38 milyard 462,2 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, 2021-ci ildə bankların aktivləri 20% artıb.
Dekabrın sonuna bankların kredit portfeli 16 milyard 659,1 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 17,7% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 4 milyard 969,3 milyon manat (artım 5,7% - İF) təşkil edir.
Bankların öhdəlikləri 33 milyard 492,9 milyon manata (artım 22,4%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 319,1 milyon manat məbləğində (azalma 14,8%) qiymətləndirilir. Banklarda depozit portfeli 26 milyard 939,3 milyon manat (artım 30%), o cümlədən əhalinin əmanətləri 9 milyard 32,4 milyon manat (artım 12,3%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2021-ci ildə bankların ümumi xalis mənfəəti 609 milyon manat təşkil edib (2020-ci illə müqayisədə artım 7,2%).
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 107 milyon manat (artım 9,7%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 708,1 milyon manat (artım 12,4%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 876 milyon manat məbləğində (artım 30,3%) olub.
Bankların faiz xərcləri 538,4 milyon manat (artım 9,3%), o cümlədən depozitlər üzrə 362,3 milyon manat (artım 15,8%), qeyri-faiz xərcləri 1 milyard 170,7 milyon manat (artım 18,9%) təşkil edib.
2021-ci ilin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 942,8 milyon manat (artım 17,3%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 774,6 milyon manat (artım 5,6%), mənfəət vergisi üzrə ödənişlər 165,6 milyon manat məbləğində (artım 0,1%) qiymətləndirilir.
31 dekabr 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
İlin sonuna bankların 479 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,3%) və 97 şöbəsi (azalma 11%) var.
Bank sektorunda 20,329 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8,7% - İF) çalışır.*
A.Əzizov