2021-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 356,3 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2020-ci ilin göstəricisindən 38,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Dekabr ayında fondun müvəkkil bankları tərəfindən 30,8 milyon manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, 2021-ci ildə İKZF 409,9 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2020-ci illə müqayisədə artım 2,6 dəfə - İF).
Fond ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün ötən il dövlət büdcəsindən 71,1 milyon manat vəsait (azalma 2,3 dəfə) alıb.
2021-ci ildə fond istiqrazların yerləşdirilməsindən 280 milyon manat (artım 21,7%) cəlb edib.
2021-ci ildə verilmiş ipoteka kreditinin orta həcmi 54,3 min manata yaxın təşkil edib. Kreditlər 282 ay müddətinə və illik təxminən 6,33% dərəcəsi ilə verilib.
2020-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 257,5 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
R.Əhmədov