2021-ci ildə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 17,8% - 17 milyard 119,8 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 719,4 milyon manat (2021-ci ildə azalma 19,5% - İF) və ya bütün kreditlərin 4,2%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
2021-ci il dekabrın 31-nə dövlətin payı olan banklar tərəfindən 3 milyard 333 milyon manat (artım 20%) və ya bütün kreditlərin 19,5%-i, özəl banklar tərəfindən 13 milyard 326,1 milyon manat (artım 17,1%) və ya bütün kreditlərin 77,8%-i həcmində kredit verilib. Qalan 460,7 milyon manat (artım 23,4%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2022-ci ilin əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 12 milyard 696,5 milyon manat (artım 24,4%) milli valyuta, 4 milyard 423,4 milyon manat (artım 2,2%) xarici valyuta ilə verilib. Dekabrın əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 25,8% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2022-ci ilin əvvəlinə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 992,5 milyon manat (bütün kreditlərin 17,5%-i) ticarət və xidmət sahələrinin, 749 milyon manat (4,4%) energetika, mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 591,7 milyon manat (3,5%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 903,2 milyon manat (5,3%) tikinti və daşınmaz əmlak sahələrinin, 971,7 milyon manat (5,7%) sənaye və istehsal sektorunun, 737,3 milyon manat (4,3%) nəqliyyat və rabitə sahələrinin, 8 milyard 607,3 milyon manat (49,8%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. 2021-ci ildə bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 28,3% artıb.*
A.Əzizov