Rəsmi Bakı işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda Avropa İttifaqı ilə ağıllı kənd layihələri çərçivəsində uğurlu əməkdaşlığa başlayıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bəyan edib.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olduğu kimi regionda innovasiyalar habı olmaq sahəsində böyük potensiala malikdir və işğaldan azad olunmuş ərazilərdə Avropa İttifaqı ilə ağıllı kənd layihələri çərçivəsində uğurlu əməkdaşlığa başlanılıb”, - Qasımlı Avropa Komissiyasının innovasiyalar üzrə flaqman təşəbbüsü olan “Horizon 2020” layihəsinin nümayəndə heyəti ilə görüşdə bildirib.
Qərbi Makedoniya Universitetinin professoru Sarigiannidis Panagiotis qeyd edib ki, zərbaycanda sənaye sahəsində elm yüksək səviyyədə inkişaf edib. O əlavə edib ki, Azərbaycan “Horizon 2020” çərçivəsində əməkdaşlıq üçün arzuolunan tərəfdaşdır.
“Qarabağda rəqəmsal mərkəzin yaradılması, modern şəhər layihəsinin tətbiqi və ölkədə innovativ təlim mərkəzlərinin yaradılması sahəsində böyük potensial var və bu əməkdaşlıqda Avropa Universitetləri maraqlıdır”, - Panagiotis vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən sahələrdə mümkün əməkdaşlıq sahələri müzakirə edilib, gələcəkdə birgə fəaliyyət planları üzrə razılaşmalar əldə edilib. **
X.Nəsirzadə