Başqırdıstan müəssisələrinin Azərbaycana biznes missiyası 2022-ci il fevralın ortalarında təşkil olunacaq. Bu barədə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin məlumatında deyilir.
“Yanvarın 25-də Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Başqırdıstan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin və İxraca Dəstək Mərkəzinin rəhbərliyi ilə müşavirə keçirib. Müşavirədə 2022-ci ilin fevral ayının ortalarında Başqırdıstan müəssisələrinin Azərbaycan Respublikasına biznes missiyasına hazırlıq məsələsinə baxılıb”, - deyə məlumatda bildirilir.
Xarici iqtisadi əlaqələr nazirinin birinci müavini Lena İzotova qeyd edib ki, Azərbaycana təşkil olunacaq biznes missiyada iştirak etmək üçün müxtəlif sahələr üzrə fəaliyyət göstərən 17 müəssisə müraciət edib.
“Biznes missiyanın proqramına B2B görüşlər, Azərbaycanın müəssisələrinə səfərlər, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyində və Rusiyanın Azərbaycandakı İxrac Mərkəzində danışıqlar və məsləhətləşmələr daxildir”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov